Reklam verin!

Yusif Qarabaği

Mart 16, 2008 14:35

Son orta əsrlərdə farsdilli poeziyanın inkişaf xüsusiyyətləri, o cümlədən, böyük Azərbaycan şairi Saib Təbrizinin (1601-1677) yaradıcılığı ilə bağlı elmi axtarışlarım zamanı mənbələr və tədqiqatlarla tanış olarkən, ara-sıra Yusif Qarabaği adına rast gəlirdim. İlkin təəssüratıma görə öz dövrünün fəlsəfi fikrinə mühüm təsiri olan, lakin bu gün hətta elmi dairələrdə belə kifayət dərəcədə tanınmayan filosofun şəxsiyyətinə marağım getdikcə artırdı. Bu, bir yandan öyrəndiyim dövrün poeziyasının özünəməxsus fəlsəfi əsasa malik olması və həmin məsələnin həllinin zəruriliyi kimi sırf elmi vəzifə ilə şərtlənirdisə, digər tərəfdən filosofun «Qarabaği» nisbəsi ilə əlaqədar idi – o vaxtlar Qarabağda erməni separatçılarının fəaliyyəti güclənmiş, müharibə tonqalı alovlanmağa başlanmışdı. Mənbə və tədqiqatlarda mövcud olan məlumat və mülahizələr məni qane etmirdi və Yusif Qarabağinin əsərləri ilə bilavasitə tanışlığa güclü ehtiyac duyurdum. Elə həmin vaxt M.Y.Saltıkov-Şedrin adına Leninqrad (indi Sankt-Peterburq) dövlət kütləvi kitabxanasının fars və tacik əlyazmalarının tam kataloqu nəşr olundu.1 Kataloqa əsasən bu kitabxanada Yusif Qarabağinin farsca «Həft cinan» («Yeddi bağ») adlı risaləsinin saxlandığını öyrəndim və çox keçmədən həmin risalənin mikrofilmini əldə edə bildim. Əlyazma ilə tanışlıq gözlədiklərimi doğrultdu: həcmcə kiçik bir əsərdə alimin insan haqqında mükəmməl və sistemli konsepsiyası öz əksini tapmışdı. Bu konsepsiya Şərq-islam mədəniyyətinin minillik ənənəsinə əsaslanır və bir növ onun yekunu təsiri bağışlayır.

qarabagi


Şübhəsiz, hər şeydən əvvəl oxucuları onun müəllifi maraqlandıracaq və onlar «Yusif Qarabaği kimdir?» sualına cavab axtaracaqlar. Və təbii ki, hamının əli çatan «Azərbaycan Sovet Ensiklopediyasının» III cildindəki xəsis məlumat2 onları qane etməyəcək. Odur ki, həmin suala mümkün qədər dolğun cavab verməyə çalışaq.
XVI-XVII əsrlərdə yaşamış, mürəkkəb və keşməkeşli bir həyat yolu keçmiş, məhsuldar elmi yaradıcılıqla və geniş pedaqoji fəaliyyətlə məşğul olmuş peşəkar Azərbaycan filosofu Yusif Qarabağinin kimliyi barədə və dövründəki elmi nüfuz və şöhrəti haqqında onun müasiri Xacə Seyid Şərif Raqimin «Tarixi-Raqimi» adlı əsərində verdiyi məlumatlar yaxşı təsəvvür yaradır: «Alimlərin sultanı, fazillərin sübutu olan Mövlana Yusif Qarabaği mənalar Misrində taxta əyləşmiş, bəlkə də üzüyünün qaşı altına fəzilət mülkünü almış, bilik tacü-taxtında əzizlənib elm səmasında on dörd gecəlik Ay kimi şəfəqlənmişdi. Bütün elmlər üzrə o, müasirlərindən bir istisna təşkil etmişdir».3 Daha sonra: «O, elmlər üzrə ixtisaslaşmış və mahir olmuşdur. Xüsusilə fəlsəfə və nücum sahəsində zəmanəsinin misilsiz alimi və əsrinin yeganəsi idi». 4
Raqim Yusif Qarabağini həm də istedadlı bir şair kimi təqdim edərək yazır: «Yusif Qarabaği şeir deməkdə yüksək ilha¬ma və gözəl istedada malik idi, onun qəsidələri mətlədən məq¬təyə qədər nadir və məzmunlu qafiyələrlə bitmişdir».5 Bu fikir Yusif Qarabağinin «Yeddi bağ»dakı şeirləri ilə də təsdiq olunur. Maraqlıdır ki, hələ ötən əsrdə Abbasqulu ağa Bakıxanov Yusif Qarabağini məhz şair kimi yad etmişdir.6
Dövründəki böyük şöhrətinə və ölümündən sonra əsərlərinin geniş yayılmasına baxmayaraq, ötən əsrin əvvəllərindəki inqilabi hadisələr Yusif Qarabaği adından da yan keçməmişdir. Təsadüfi deyil ki, Yusif Qarabaği haqqında ilk geniş tədqiqatın müəllifi, tanınmış şərqşünas A.A.Semyonov ondan «XVII əsrin unudul¬muş filosofu» kimi bəhs açmışdır.7 Alim əldə etdiyi mənbələr əsasında Yusif Qarabağinin elmi bioqrafiyasını bərpa etməyə çalışmış və onun «Risalət əl-xəlvətiyyə» əsərini geniş təhlil etmişdir.
Yusif Qarabağinin şəxsiyyəti məşhur Azərbaycan alimi Məhəmmədəli Tərbiyətin diqqətindən kənarda qalmamış və o, «Danişməndani-Azərbaycan» adlı ensiklopedik əsərində əldə etdiyi məlumatları ümumiləşdirərək yazmışdır:
«Kosa adlı ilə məşhur olan Yusif Məhəmmədcan oğlu Məhəmmədşahi Qarabaği öz dövrünün alimlərindən olmuş və hicri-qəməri 1054(1644)-cü ildə vəfat etmişdir. O, Mövlana Cəlaləddin Dəvvaninin «Şərhi-əqayidi-əzüdi» əsərinə haşiyə və əlavələr yazmışdır ki, «Haşiyəyi-Xanəgahi» adı ilə məşhurdur. Yusif Qarabaği bu əsəri Səmərqəndin Hüseyniyyə xanəngahında yazmış və Əbu Hamid Xəlilullaha təqdim etmişdir (hicri-qəməri 999-cu il səfər ayının 2-də/ 1590, 30 noyabr). Ağa Hüseyn Xalxali bu əlavələri tənqid etmişdir. Mövlana Yusif hicri-qəməri 1033 (1623)- cü ildə Buxara şəhərində ona cavab yazmışdır ki, bu da «Tətimmətul həvaşi fi izalətil-ğəvaşi» («Qaranlıq məsələ¬ləri aradan qaldırmaq məqsədilə haşiyələrə əlavə») adı ilə məşhurdur».8 Daha sonra M.Tərbiyət onun bir beyt şeirini misal kimi vermişdir.
Çoxcildlik Özbəkistan və Azərbaycan tarixlərində Yusif Qarabaği bir sıra fəlsəfi əsərlərin müəllifi kimi yad olunmuş və həmin əsərlərin Oktyabr inqilabına qədər Orta Asiya mədrəsələrində dərs vəsaiti kimi öyrənildiyi göstərilmişdir.9 H.Araslı da Yusif Qarabağini «Orta Asiya xalqlarının mədəniy¬yəti üzərində müəyyən təsiri olmuş» Azərbaycan filosofu kimi xatırlamışdır.10 Maraqlıdır ki, müasir tədqiqatçı, akademik A.M.Boqoutdinov da Raqim kimi Yusif Qarabağinin öz dövründə müstəsna şəxsiyyət olduğunu vurğulamışdır: «Bu dövrün sufi ədəbiyyatında biz heç bir «səmərəli toxuma» rast gəlmirik. Ola bilər ki, kübraviyyə sufi təriqətinə mənsub olan Yusif Qarabaği Məhəmmədşahinin əsərləri istisnalıq təşkil edir».11 Lakin müəllif təəssüflə qeyd edir ki, bu əsərlər demək olar öyrənil¬məmişdir.
Yusif Qarabağinin həyat və yaradıcılığının öyrənilməsi sahəsində ən mühüm xidmət, şübhəsiz, Azərbaycan tədqiqatçısı Ə.Ə.Əminzadəyə məxsusdur. O, əvvəlcə «Azərbaycan fəlsəfəsi tarixinə dair oçerklər» adlı kollektiv əsər üçün Yusif Qarabaği haqqında məqalə yazmış,12 daha sonra özünün «Azərbaycanda fəlsəfi və ictimai-siyasi fikir tarixindən» adlı monoqrafiyasında ona xüsusi fəsil həsr edərək, filosofun həyatı və fəlsəfi irsi, ontoloji, qnoseoloji və etik görüşləri barədə geniş bəhs açmışdır.13
Ə.Ə.Əminzadənin tədqiqatına əsasən, Yusif Qarabaği çox güman ki, XVI əsrin ikinci yarısında Azərbaycanın Qarabağ mahalında ruhani ailəsində doğulmuş, ilk təhsilini burada almış, daha sonra İrana gedib o dövrün tanınmış alimi Həbibullah Mirzəcan Şirazinin (vəf. 1585) şagirdi olmuşdur. Bir müddət sonra o, müəllimi ilə birgə Orta Asiyaya mühacirət etmişdir. Ə.Əminzadə bunu, haqlı olaraq, İranda şiəliyin hakim ideologiya səviyyəsinə qaldırılıb sünnilərin təqib edilməsi ilə əlaqələn¬dirir.14
Yəni bu heç də «Azərbaycan tarixi»ndə deyildiyi kimi «ölkənin (Azərbaycanın – M.M.) türklər tərəfindən işğalı»15 ilə bağlı deyildi. Bu dövrdə Səfəvi dövlətindən alim və şairlərin kütləvi surətdə Hindistana və Mavəraənnəhrə mühacirətinin başlıca səbəbi məhz ölkədəki ideoloji şərait, dini dözümsüzlük atmosferi olmuşdur. Şiəliyi hakimiyyətin ideoloji dayağına çevirmiş Səfəvi hökmdarlarının himayəsi ilə sünnilər və eləcə də sufizm nünayəndələri ciddi təqiblərə məruz qalırdılar.16 Yusif Qarabağinin əsərlərinin təhlili göstərir ki, onun elə bu səbəbdən Orta Asiyaya getməsi daha inandırıcıdır.
Yusif Qarabaği bir müddət Səmərqənddə yaşamış, tədrislə məşğul olmuş, «Böyük Axund» («Axundi-kəlan») adı ilə şöhrət qazanmışdır. Elə həmin dövrdə o, məşhur sufi şeyxi Nəcməddin Kübranın (1145-1221) adı ilə bağlı olan «kübraviyyə» təriqətinə qoşulmuşdur.17 Daha sonra Buxaraya köçən Yusif Qarabaği burada məhsuldar elmi yaradıcılıqla məşğul olmuşdur. O, Buxara əmiri İmamqulu Bahadurxan (1611-1642) ilə yaxın olmuş, onun məclislərində iştirak etmişdir.
Yusif Qarabağinin oğlu Xacə Yaqub atasının ölmünə maddeyi-tarix yazmışdır. Həmin maddeyi-tarixə («Yaqubun gözündən Yusif getdi») əsasən, Yusif Qarabaği hicri-qəməri 1054-cü ildə (1644/45) vəfat etmişdir və Buxara ətrafında dəfn olunmuşdur.
Yusif Qarabağinin fəlsəfi irsi kifayət qədər zəngindir. Ə.Əminzadə yalnız Özbəkistan Şərqşünaslıq İnstitutunun əlyazmalarına əsasən alimin 20-yə qədər əsərinin adını çəkir.18 Bu əsərlərin əksəriyyəti ərəbcədir.
Əsərlərin adları ilə tanışlıq Yusif Qarabaği yaradıcılığının məşhur İran alimi və şairi Cəlaləddin Dəvvani (1426-1502) irsi ilə sıx bağlı olduğunu söyləməyə əsas verir. Mənbələrə əsasən, Yusif Qarabağinin elmi-fəlsəfi əsərləri ilə yanaşı, poetik divanı da olmuşdur, lakin bu divan hələlik əldə edilməmişdir.
Son dövrdə Yusif Qarabağinin şəxsiyyəti və fəlsəfi irsi ilə bağlı olan daha iki tədqiqat meydana çıxmışdır. Bunlardan biri özbək alimi M.N. Nurutdinovun monoqrafiyasıdır.19 İkincisi, Türkiyə araşdırıcısı Əbdürrəhim Gözəlin başqa bir Azərbaycan filosofu Mühyiddin Məhəmməd Qarabağiyə (vəf. 1635) həsr olunmuş kitabıdır.20 Əsərin maraqlı cəhəti odur ki, müəllif xüsusi fəsildə bəhs etdiyi filosofdan başqa «Qarabaği» nisbəli daha on filosofun adını çəkib qısa məlumat verir və burada təbii ki, Yusif Qarabağinin də adı var. Yusif Qarabağinin vəfat tarixini 1035-ci (1625/26-cı) il kimi göstərən Ə.Gözəl onun Süleymaniyyə kitab¬xanasında əlyazması saxlanılan yeddi əsərinin adını çəkmişdir.21
«Həft cinan» risaləsi Yusif Qarabağinin farsca yazdığı ən mühüm əsəridir. Təsalüfi deyil ki, Ə.Əminzadə alimin fəlsəfi görüşlərini, demək olar, bütünlüklə bu risalə əsasında şərh etmişdir.22 Lakin, o, nə üçünsə, həm «Azərbaycan fəlsəfəsi tarixinə dair öçerklər»də, həm də monoqrafiyasında əsərin adını «Həft behişt» («Yeddi behişt») kimi göstərmişdir. Özlüyündə aydındır ki, Yusif Qarabaği «behişt» sözünü işlətsəydi, əsərə bu cür ad qoymazdı, çünki məlum təsəvvürlərə görə, cənnət səkkiz bağdan ibarətdir (məşhur hind şairi Əmir Xosrov Dehləvinin poeması, habelə Həkiməddin İdris Bidlisinin Osmanlı tarixinə dair əsəri (XVII əsr) də məhz «Həşt behişt» - «Səkkiz behişt» adlanır).
Onu da deyək ki, əsərin əlyazma nüsxəsinin saxlandığı (bu nüsxə Məhəmməd Şərif adlı katib tərəfindən avtoqrafdan köçürülmüşdür) Saltıkov-Şedrin adına kitabxananın kataloqunda risalənin adı «Həşt behişt» kimi göstərilmişdir.23 Lakin əlyazmanın başlığında risalənin adı «Kitabi-həft cinan» («Yeddi cənnət bağı kitabı») kimi verilmişdir. Bu da tamamilə qanunauyğundur, çünki risalə hər biri «cinan» adlanan və öz növbəsində bir neçə «çəmən»ə bölünən (buna görə risalə həm də «Çəməniyyə» adı ilə məşhurdur) yeddi fəsildən ibarətdir. Bəs bu «behişt» sözü haradan meydana çıxmışdır? Əsərin əvvəlində Yusif Qarabaği onun yazılma səbəbindən bəhs edərkən yazır: «...Könlüm rəsmi maneələrə və gündəlik məşğuliyyətə baxmaya¬raq, bir risalə qələmə aldı ki, yeddi bağdan (cinan) ibarətdir və xütbəni (girişi) də əlavə etsən, səkkiz olar və beləliklə, ona səkkiz behişt demək mümkün olar...».
Kataloqun tərtibçisi, görünür, müəllifin bu sözlərindən çıxış etmişdir. Lakin «Həft cinan» adı əsərin strukturunu əks etdirdiyi və əlyazmanın üstündə qeyd olunduğu üçün biz həmin adın üzərində dayandıq. Bir də «cinan» sözünü, sadəcə, «bağ» kimi də mənalandırmaq mümkündür. Müəllif yeddi rəqəmini təsadüfən əsərin strukturunda əsas götürməmişdir. Bəlkə o, risalədə iki dəfə xatırlayıb sitat gətirdiyi dahi həmyerlisi Nizami Gəncəvinin «Həft peykər»ini – «Yeddi gözəl»ini nəzərdə tutmuşdur? Bəlkə də... Hər halda istənilən variantda «Həft behişt» adı istisna olunmalıdır. Risalənin «Həft cinan» - «Yeddi bağ» adı ilə təqdim olunması, yuxarıdakı dəlillər nəzərə alınmaqla, tamamilə məntiqidir, hərçənd müəllifin dediyi kimi, ona «Həşt behişt» demək də mümkündür. Yusif Qarabaği bu «mümkünlüyü» sanki oxucularının ixtiyarına buraxmışdır. Biz də müəllifin bu iradəsi ilə hesablaşmalı oluruq və aşağıda risalənin giriş hissəsinin tərcüməsini sizə təqdim edirik.

Qaynaqlar:
1. Персидские и таджикские рукописи Государственной Публичной библиотеки имени М.Е.Салтыков-Шедрина. часть 1-2. составитель Г.И.Костыгова. Ленинград, 1988-1989.
2. ASE, III cild. Bakı, 1979, s. 48.
3. Xacə Seyid Şərif Raqim. Tarixi-Raqimi. – AMEA Şərqşünaslıq institutunun arxivi.
İnv. № 52, s. 218 b.
4. Yenə orada, s. 232 a.
5. Yenə orada, s. 232 b-233 a.
6.
А.А.Бакиханов. Сочинения. Записки. Письма. Вступ.статья, составление и прим. Э.М.Ахмедова. Баку, 1983, с. 268.
7. А.А.Семенов. Забытый среднеазиатский философ XVII в. и его «Трактат о сокрытом» - Известия общества для изучения Таджикистана и иранских народностей за его пределами. Т. 1. Ташкент, 1928, с. 137.

8. Məhəmmədəli Tərbiyət. Danşiməndani-Azərbaycan. Bakı, 1987, s. 180.
9. История Узбекской ССР, т. I, Ташкент, 1955, с. 446; Azərbaycan tarixi. I cild, Bakı, 1961, s. 306.
10. H.Araslı. XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi, Bakı, 1956, s. 78.
11. А.М.Богоутдинов. Очерки по истории таджикской философии. Душанбе, 1961, с. 218-219.
12. Очерки по истории Азербайджанской философии, т. 1, Баку, 1966, с. 284-299.
13. Ə.Ə.Əminzadə. Azərbaycanda fəlsəfi və ictimai-siyasi fikir tarixindən.
Bakı, 1972, s. 32-79.
14. Yenə orada, s. 35.
15. Azərbaycan tarixi. I cild, Bakı, 1961, s. 306.
16. Ətraflı məlumat üçün bax: Məsiağa Məhəmmədi. Saib Təbrizi və farsdilli poeziyada «Hind üslubu». Bakı, 1994, s. 35-61.
17. «Kübraviyyə» təriqəti barədə bax:
Дж. С.Тримингем. Суфийские ордены в исламе. М., 1989, с
.55-57.

18. Ə.Ə.Əminzadə. Göstərilən əsəri, s. 38-43.
19.
М.Н.Нурутдинов. Йусуф Карабаги и общественно-философская мысль Средней Азии XVI-XVII вв. Ташкент
, 1990.
20. Abdürrahim Güzel. Karabaği ve Tehafütü. Ankara, 1991.
21. Yenə orada, s. 45-46.
22. Ə.Əminzadə.Göstərilən əsəri, s. 42-79.
23. Персидские и таджикские рукописи Государсвтенной Публичной библиотеки имени М.Е.Салтыков-Щедрина. часть. 2. Ленинград, 1989, с. 252-253.

X Ü T B Ə


İlahi, Sənə tərif deyirəmsə, qorxuram; heç nə demirəmsə, yenə qorxuram. Bilmirəm, mənim tərifim tərifdir, ya yox; sözlərim sənə layiqdir, ya yox. Bilirəm ki, Sənə layiq deyil və Sən də bunu bilirsən. Sən kimi istəyirsənsə, yanına çağırırsan; kimi istəmirsənsə, qovursan. Kimin bir söz deməyə cəsarəti çatar, əstəğfürullah!
Sənin qarşında nitqlər tutulub, biliklər bir xəyal olub; fikirlər yanlış, əməllər təhlükəli, qulaqlar kar, dillər lal, gəmilər sınıq, ayaqlar yorğun, sinələr dağlı, gözlər yaşlı, mənzillər uzaq, məqsəd görünməz, yollar daşlı, atın ayağı axsaq.

Qaranlıq gecə, dalğa qorxusu və belə təhlükəli bir dəniz –
Sahildəki qayğısızlar bizim halımızı hardan bilsinlər?!1

Onun məqamıdır ki, qədim adət üzrə, aləmdəkilərin ən mərhəmətlisi, yəqin əhlinin iman bulağı, din yolçularının rəhbəri (Məhəmməd peyğəmbərə), onun nəslinə və əshabələrinə müxtəlif salamlar və çeşidli dualar göndərib ondan xahiş edək ki, dost dosta dediyi kimi, ö köhnə dostuna (Allaha) söyləsin: bu itmişləri tap, bu yatmış oyaqları yuxudan ayılt və bu ilğıma təşnə olanları mərhəmət dənizinin sahilinə yetir! Daha nə edək, hara gedək, nə deyək, kimə deyək?! Səndə rəhm də var, səbir də. Biz səbirsizlərik. Bizə səbir ver!..
Bu risalənin yazılmasının səbəbi odur ki, bir müddət möhtəşəm Buxara şəhərində – Tanrı onu bəlalardan qorusun! – ustadların və aqillərin məclisindən uzaq bir küncdə heyran və sərgərdan qalmışdım, hərdənbir alicənab və uluların xələfi, zəmanədə insanların iftixarı, müdrik və müstəqil padşahların müdrik övladı, keçmişdən və gələcəkdən hali, ürəyini Allaha bağlayıb hay-küydən qaçmış, uca mülkün sirlərinə vaqif, az yaşlı və böyük əməlli (nə yaxşı deyib şirin sözlü Sədi: "Böyüklük ağılla bilinər, yaşla yox!")2 hökmdarın hüzuruna yetişirdim – ədəbsizlik edib onun adını dilə gətirməyə nə ehtiyac var?!

Kim Süruşun3 feyzindən agahdırsa,
Və diqqətlə ona qulaq asırsa, eşidər ki,
İlahi kitabın nazil olması təki
Bu nida qeybdən dünyaya yetişir:
Bundan sonra zəmanənin valisi
Xacə Əbdürrəhim ibn Xacə Səddir.4
Onun cah-cəlalı əbədiyyət zirvəsinə ucalsın,
Zəmanə dövlətinə kömək göstərsin!

Və o, səxavət əhlinin xasiyyətinə uyğun şəkildə, "hökmdar üçün möminin qəlbini ələ almaq daimi ibadətdən faydalıdır" buyruğuna müvafiq surətdə, mənimlə elə rəftar edirdi ki, bu miskinin könlündə bir qubar ya inciklik olarsa, onu aradan qaldırsın.

Xoş xasiyyət insanı ovlayar,
Hansı keyfiyyət bundan yaxşı iş görə bilər?!

Bəzən iltifat göstərib mən fağırla məxsusi söhbət edər və müəyyən şeylər soruşardı. Onun iksir təsirli ürəyi həmişə sirləri öyrənməyə, gizli və qəribə şeylərə vaqif olmağa meyl etdiyindən, bir gün buyurdu ki, yuxu görməyin səbəbi nədir, həm keçmiş, həm də gələcək barəsində yuxuda görduklərimiz harada görünür və harada mövcud olur?
Bu sualadan onun məqsədi məndən bir şey öyrənmək idi, amma mən özüm nə bilirəm ki, başqaları da məndən nə öyrənsinlər?! Bununla belə könlüm rəsmi maneələrə və gündəlik məşğuliyyətə baxmayaraq, bir risalə qələmə aldı ki, yeddi bağdan ibarətdir və xütbəni də əlavə etsən, səkkiz olar və beləliklə, ona səkkiz behişt demək mümkün olar. Hər bağ da bir neçə çəmənlikdən ibarətdir.
Ümid onadır ki, oxucular dövranın bu biçarəsi, hər diyarın nakamı Yusif Qarabaği Məhəmmədşahini müzakirəyə qoymayacaq, etiraz oxuna hədəf etməyəcəklər və yazılanları onunku bilməyəcəklər, çünki onun bəhrəsi yalnız yazmaqdır.

İzahlar:
1. Beyt Hafiz Şirazi divanının ilk qəzəlindən götürülmüşdür.
2. Sədi Şirazinin "Gülüstan"ından sitat verilmişdir.
3. Süruş zərdüşti mifologiyasında qeybdən xəbər gətirən mələk mənasında işlənmiş, islamda isə Cəbrailin adlarından birinə çevrilmişdir.
4. Xacə Əbdürrəhim ibn Xacə Səd XVI əsrin 90-cı illərində Buxara vilayətinin əmiri olmuşdur.

pearl | e_kitab | Şərhlər(2) | Baxış sayı: 84

Açar sözlər:


1
Saadat yazıb:

Salam.
Seh'fede tesekkur sözü evezine tesekkul gedib...

Aprel 27, 2008 12:53

2

Cavan oğlan! Lütfən bu yazının və tərcümənin müəllifini göstərin. Belə olmaz. Həm də yazının qaynağı verilməlidir. Qaynaq budur:
http://irfan.azeriblog.com/2008/03/07/yusif-qarabaghinin-yeddi-baghi

Aprel 28, 2008 2:17

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha